Determinik sistemlərdə qərarqəbuletmənin ədədi üsullаrı laboratoriyası

Tel. (+994 12) 5399231
Faks (+994 12) 5392826
Elektron poçtu lab3.1@isi.az
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvi Aydazadə Kamil Rəcəb oğlu 
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  1. Hеsablama riyaziyyatı;

2. Riyazi mоdеlləşdirmə;

3. Optimallaşdırma və optimal idarəetmə;

4. Surətlərin tanınması;

5. Proqram təminatının işlənməsi;

6. İdarəetmə sistemlərinin hazırlanması.

Əsas elmi nəticələri 1. Hər biri məhdud lüğət ehtiyatına malik olan tematik yönümlü nitqin tanınması üçün nəzərdə tutulan müxtəlif altsistemlərdən ibarət olan azərbaycan nitqinin kompüter tanıma sistemi işlənib hazırlanmışdır. Altsistemlərə bölünmə tanımanın effektivliyini və keyfiyyətini artırır. Sistemdə tanımaya təqdim olunan tələbdən asılı olaraq tanımanın dəqiqlik və effektivlik səviyyəsi dərəcələrinin müxtəlif variantlarının seçimi nəzərdə tutulub;

2. Hiperbolik tip xüsusi törəməli diferensial tənliklərlə təsvir olunan neft-qaz boru kəmərlərində keçid proseslərinin optimal idarəedilməsi məsələləri tədqiq olunub. Texnoloji məhdudiyyətlərin və idarəedici təsirlər sinfinin seçilməsinin keçid proseslərinin alınmış optimal rejimlərinə təsirinin qanunauyğunluqları aşkara çıxarılmışdır;

3. Paylanmış parametrli sistemlərdə toplanmış impuls mənbələri ilə optimal idarəetmə məsələləri üçün mənbələrin toplanma yerlərinə və təsir zamanlarına nəzərən optimallıq üçün zəruri şərtlər alınmışdır. Məsələnin ədədi həlli üçün sonluölçülü birinci tərtib optimallaşdırma üsullarından istifadə etməyə imkan verən düsturlar alınıb;

4. Əks əlaqəli paylanmış parametrli sistemlərdə optimal idarəedici təsirlərin sintezinə yanaşma təklif olunub. Obyektin verilmiş nöqtələrində ya kəsilməz, ya da verilmiş diskret zamanlarda prosesin vəziyyəti üzərində aparılan ölçmələrdən istifadə etmək nəzərdə tutulur. Sintez olunmuş idarəedici təsirlərin optimallığı üçün zəruri şərtlər alınıb. Bu şərtlər tərəfimizdən əvvəllər tədqiq olunmuş yüklənmiş xüsusi törəməli diferensial tənliklər sisteminə gətirilir. Ədədi həll alqoritmi işlənmiş, kompüter eksperimentləri aparılmışdır;

5. Qeyri-səlis ədədlər üçün splayn-funksiyalar ideyasından istifadə edən və bir çox məlum mənsubiyyət funksiyaları sinfini ümumiləşdirən hamar mənsubiyyət funksiyaları sinfi təklif edilib. Təklif edilən mənsubiyyət funksiyaları azərbaycan dilində çap-əlyazma mətnlərinin tanınması üçün hazırlanan kompüter sistemində istifadə edilib;

6. Verilməmiş başlanğıc şərtlər daxilində paylanmış parametrli dinamik sistemlərin ədədi tədqiqi aparılmşıdır. Prosesin cari vəziyyətinə başlanğıc şərtlərin təsirinin davam etmə müddətinin məsələnin qoyuluşundakı müxtəlif parametrlərdən asılılığı öyrənilmişdir;

7. Tədqiqatların nəticələri uzun müddət fəaliyyət göstərən prosesləri, xüsusi halda, neft-qaz yataqlarının istismarı, qazın, mayenin boru kəməri ilə nəqli zamanı, regionların ekoloji vəziyyətinin monitorinqi və s. zamanı rast gələn prosesləri idarə etmək üçün mühüm əhəmiyyət kəsb edir;

8. Qeyri-lokal şərtlərlə verilmiş parabolik və hiperbolik tip xətti tənliklərə nəzərən əmsal-tərs məsələnin ədədi həlli üçün yanaşma təklif olunmuş və əsaslanmışdır. Yanaşma düz xətlər üsuluna əsaslanır və sərhəd məsələsinin xüsusi şəkildə qurulmuş həllinə əsaslanır. Bu təsvirdə adi diferensial tənliklər sisteminə nəzərən köməkçi məsələlərin həlli iştirak edir;

9. Tədqiqatın nəticələri zamana görə ani və ya obyektin ayrı-ayrı nöqtələrində vəziyyət ölçülərinin aparılması mümkün olmadığı hallarda yeraltı hidrodinamika, ekoloji və digər proseslərin riyazi modelləşdirilməsi zamanı istifadə oluna bilər;

10. Qeyri-lokal başlanğıc və sərhəd şərtli xətti parabolik və hiperbolik tənliklər üçün fəza və ya zaman dəyişənindən asılı olan əmsallara görə əmsal-tərs məsələlər sinfinin ədədi həlli tədqiq olunur. Düz xətlər və şəbəkə üsullarına əsaslanan iki yanaşma təklif və tədqiq edilmişdir. Məlum yanaşmalardan fərqli olaraq hər iki üsulun istifadəsi zamanı iterasiya prosedurunun qurulmasına ehtiyac yoxdur. Birinci yanaşma tərs məsələnin həllini adi törəməli xətti diferensial tənliklərə nəzərən Koşi məsələsinin həllinə gətirir, ikinci yanaşma xətti cəbri tənliklər sisteminə gətirir;

11. Qeyri-xətti adi diferensial tənliklər sistemi ilə təsvir olunan müşahidəyə görə obyektlərin optimal idarəedilməsinin sintezi məsələsinin qoyuluşu və ədədi həllinə yanaşma təklif edilib. Məsələ obyektin parametrləri haqqında informasiyanın dəqiq şəkildə verilmədiyi halda müşahidələrin nəticələrindən asılı müxtəlif zonal idarəedici funksiyalar siniflərində və müxtəlif növ müşahidələr üçün müxtəlif tip əks əlaqələr üçün həll edilir. Məqsəd funksionalının qradiyenti üçün düsturları özündə saxlayan optimallıq üçün zəruri şərtlər alınmışdır. Model məsələlərin həlli timsalında ədədi eksperimentlər aparılmışdır;

12. Mətnlərin sentiment analiz üçün gizli Markov modeli və neyro qeyri-səlis yanaşmalar əsasında hibrid yanaşma təklif olunub. Mətnin mənasının anlama prosesində əlamət vektorunun hesablanmasında yeni "Pruned İCF” çəki funksiyası təklif edilmişdir. Göstərilmişdir ki, subyektiv analizin aparılmasında "Pruned İCF” çəki funksiyası digər çəki funksiyalarından (TFİDF və İDF) daha yaxşı nəticə göstərir;

13. Hiperbolik tənliklərə nəzərən əmsal-tərs məsələsinə gətirilən karbohidrogen xammalının qərarlaşmayan rejimdə nəqli zamanı boru kəmərinin xətti hissəsinin hidravlik müqavimət əmsalının identifikasiyası məsələsinə baxılıb. Hesab olunur ki, boru kəmərinin xətti hissəsinin uclarında və/və ya aralıq nöqtələrində xammalın nəql rejimlərinin ölçmələrinin nəticələri mövcuddur. Müqavimət əmsalının identifikasiyası üçün təklif edilən üsul əvvəllər müəlliflər tərəfindən zonal idarəedici təsirlər sinfində idarəetmənin sintezi məsələsinin həlli üsuluna əsaslanır. Model məsələlərin ədədi həllinin nəticələri alınıb;

14. Paralel hesablama texnologiyaları əsasında optimallaşdırmanın tətbiqi proqram paketlə idarəetmə sistemi üçün alqoritmlər və proqram təminatı hazırlanmışdır;

15. Kompüter vasitəsilə azərbaycan mətnlərinin anlanılması üçün gizli markov və neyrofazi modelləri əsasında alqoritmlər və proqram təminatı yaradılmışdır;

16. Mürəkkəb halqavari strukturlu neft kəmərlərində mayenin qərarlaşmamış rejimdə hərəkəti zamanı sızma yerlərinin lokalizasiyası məsələsinin ədədi həll üsulu təklif edilmişdir. Model məsələlər üzərində ədədi eksperimentlər aparılıb;

17. Azərbaycan dilindəki mətnlərin müəlliflərinin tanınması üçün alqoritm və proqram təminatı işlənib.