Etnososioloji tədqiqatlar şöbəsi

Tel. (+994 12) 5108419 
Faks  
Elektron poçtu aliaga58@mail.ru  
Struktur bölmənin rəhbəri Əliağa Əyyub oğlu Məmmədli 
İşçilərin ümumi sayı 22 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanda müasir etnik və etnosiyasi proseslər. Milli azlıqların və kiçik etnik qrupların öyrənilməsi 
Əsas elmi nəticələri SSRİ-də etnososioloji tədqiqatların yüksək həddə çatdığı bir məqamda – yəni ötən yüzilin 80-ci illərinin birinci yarısında Azərbaycanda da etnik sosiologiya etnoqrafiya elminin bir istiqaməti kimi inkişaf etməyə başlayıb. SSRİ EA-nın Etnoqrafiya İnstitutu (1990-cı ildən etibarən REA-nın Etnologiya və Antropologiya İnstitutu adlanır) 70-ci illərin əvvəllərindən başlayaraq Sovet İttifaqının müxtəlif respublikalarında geniş miqyaslı tədqiqatlar aparıb. Özbəkistan, Gürcüstan və Estoniyadakı kimi geniş miqyaslı tədqiqatlar o zaman Azərbaycanda aparılmayıb. Hərcənd 80-ci illərin əvvəllərində belə tədqiqatlar üçün hazırlıq işlərini görülürdü. AMEA-nın Tarix İnstitutunun arxeologiya və etnoqrafiya bölməsinin (sonradan Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilib) etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları, həmçinin Fəlsəfə və Hüquq İnstitutunda, SSRİ EA-nın Etnoqrafiya İnstitutunda, Moskva Universiteti etnoqrafiya kafedrasında çalışan alimlər həmin hazırlıq işlərində iştirak edirdilər. Görülən işlər zamanı “Azərbaycanda etnososial və etnomədəni proseslərin xüsusiyyətləri” adlı anket, eləcə də seçmənin maketi hazırlanmışdı. Amma 80-ci illərin axırlarında regionda mürəkkəb sosial-siyasi proseslər getdiyindən Azərbaycanda tam miqyaslı etnososioloji tədqiqat keçirilmədi. Bununla belə etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları müxtəlif mövzular üzrə araşdırmalar apararkən sözügedən materiallardan istifadə ediblər.

Azərbaycanda ilk etnososioloji tədqiqatların obyekti ölkənin şəhər əhalisi olub. Qeyd edək ki, ötən əsrin 70-ci illərin ortalarından etibarən sovet alimləri kimi Azərbaycan etnoqrafları da şəhər tematikası ilə çox maraqlanıblar. SSRİ-nin digər respublikaları ilə yanaşı Azərbaycanda da şəhər əhalisinin məişəti və mədəniyyəti, çoxmillətli şəhərlərdə etnoslararası qarşılıqlı münasibətlərin inkişaf prosesləri kimi sahələr etnoqrafik tədqiqatların predmetinə çevrilib. Bu marağı urbanizasiyanın getdikcə daha yüksək templə artması, həm respublika daxili, həm də respublikalararası miqrasiyaların çoxalması ilə izah etmək olar. Cəmiyyətdə baş verən bu hadisələrin təsiri ilə etnosların ənənəvi mədəniyyətləri, şəxsiyyətlərarası münasibətlər və davranış normaları sistemi daha çox dəyişikliklərə məruz qalır və bu dəyişikliklər özünü daha qabarıq göstərirdi.

Tədqiqatçılar tarixi və müasir Azərbaycan şəhərlərinin timsalında bir sıra problemləri, o cümlədən etnoslararası əlaqələrin inkişafına istehsalat, sosial, mədəni-məişət mühitindəki xüsusiyyətlərinin təsiri, yeni şəhərlərdəki etnomədəni mühitin dəyişməsinə, həmçinin, şəhər əhalisinin müxtəlif sosial-peşəkar qruplarının etnik xüsusiyyətlərinə miqrasiyaların təsiri problemlərini araşdırıblar. Aydın məsələdir ki, sovet dönəminin ideoloji ehkamları həmin araşdırmalara təsir etməyə bilməzdi. SSRİ dönəmində aparılan sosioloji tədqiqatların böyük əksəriyyətində olduğu kimi bu işlərdə də bir postulat – gerçəklikdən tamamilə uzaq bir fikir əsasında mühakimə yürüdülürdü - insanın həyat fəaliyyətinin demək olar ki, bütün sahələrinin beynəlmiləlləşməsi prosesi gedəcək, etnik xüsusiyyətlər tədricən aradan qalxacaq və yeni sosial birlik olan sovet xalqı meydana gələcəkdir. Lakin, etnososioloqların araşdırmalarından toplanmış böyük faktoloji material, həmçinin Azərbaycanın şəhər əhalisinin həyat fəaliyyətinin müxtəlif sahələrinin etnik və etnomədəni xüsusiyyətlərin aşkarlaması ifrat ideololizləşdirmə səbəbindən tədqiqat işlərinə vurulan zərəri üstələyirdi.

Azərbaycanda müasir etnososioloji tədqiqatlar ölkədə gedən sosial-iqtisadi və mədəni inkişaf proseslərlə və müasir Azərbaycan cəmiyyətinin etnik xüsusiyyətlərinin həmin inkişafdakı rolu ilə şərtlənir. Bu istiqamətdə aparılan tədqiqatların nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, son illər Azərbaycanda cərəyan edən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnik xüsusiyyətlərlə bağlıdır. Məsələn, bu xüsusiyyətlər siyasi və dövlət institutlarının təşəkkülündə, çoxpartiyalılıqda, seçki proseslərində və bu kimi hallarda təzahür edir. Bundan əlavə, ölkənin sosial və iqtisadi inkişafının əmək fəaliyyətində və ailə məişətindəki etnik xüsusiyyətlərdən müəyyən asılılığı da faktdır. Bu baxımdan həmin xüsusiyyətlər aşkarlanıb öyrənilərsə əldə olunan nəticələr Azərbaycanın uzunmüddətli perspektivi üçün strateji istiqamətlərin işlənib hazırlanmasında əsaslı elmi bazaya çevrilə bilər.