Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsi

Tel. (+994 50) 2131459
Faks  
Elektron poçtu ebabayev@yahoo.com
Struktur bölmənin rəhbəri

Elçin Səfəralı oğlu Babayev

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Günəş-Yer əlaqələri; Kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi, Yerüstü  orta en dairələrində yerləşən texnoloji və bioloji sistemlərə (o cümlədən, insan sağlamlığına) Günəş,geomaqnit və kosmik şüalar fəallığı variasiyalarının təsirinin öyrənilməsi; Yer ionosferində Çox Aşağı Tezlikli (very low frequency - VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi; Yer yaxınlığında Günəş küləyinin maqnit sahəsinin paylanmasının tədqiqi; Günəşin tac dəliklərinin kontrastının Günəş küləyininxarakteristikaları ilə əlaqəsinin tədqiqi. 
Əsas elmi nəticələri Beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilmiş, yeni elmi istiqamət yaradılmış və kəsişən elm sahələri (astronomiya, ionosfer fizikası, elektrofizika, geofizika, tibb, biologiya, zoologiya və s.) üzrə birgə işlərin əsası qoyulmuşdır.

Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji/ekoloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlar bir sıra kardioloji xəstəliklərin dinamikasına (qəfil ürək ölümləri, kəskin miokard infarktı tutmaları və ölümləri və s.), insanın ürək-qan-damar sisteminin (kardioloji parametrlər, ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, fizioloji sağlam insanların baş beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına, yol-nəqliyyat hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, həşəratların fizioloji durumuna və s. kosmik hava təsirlərinin araşdırılmasını əhatə etmişdir.

Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji və heliotibbi eksperimentlər də aparılmışdır.

Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin stabil işinə təsiri öyrənilmişdir.

Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının texnoloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır.

Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir.

Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu da göstərilmişdir.

Transionosferik mikrodalğaların ssintilyasiyasına heliogeofiziki şəraitin təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmişdir.

Günəş-Yer əlaqələrinin tədqiqi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ , Yunanıstan, Bolqarıstan, Belçika və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda 10-larla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium, seminarlarda şifahi məruzə edilmişdir.

Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə milli tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year – İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilmiş, ilk dəfə olaraq Günəş-Yer Əlaqələri üzrə “Sun and Geosphere” (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunmuşdur.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Stenford Universiteti (ABŞ) ilə əlaqələr yaradılmış və ionosfer tədqiqatları istiqamətində birgə işlərin aparılması üçün yeni elmi cihazın ŞAR-da quraşdırılmasına nail olunmuşdur. 2008-ci ildə Stenford Universitetinin əməkdaşları tərəfindən Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə cihaz ŞAR-da qurulmuş və beynəlxalq şəbəkəyə qoşulmuşdur. ŞAR-da hal-hazırda Kosmik Hava Mərkəzinin yaradılması üzərində iş gedir.

Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müvafiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı gündəlik proqnozlar hazırlanır.