Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyası

Tel.

(+994 12) 5393116; (+994 12) 5399293

(+994 50) 3181240

Faks (+994 12) 5393116 
Elektron poçtu arif@physics.ab.az  
Struktur bölmənin rəhbəri Akademik Həşimov Arif Məmməd oğlu
İşçilərin ümumi sayı 36 
Əsas fəaliyyət istiqamətləri  Enerji sistemlərinin dayanıqlı işləməsi məqsədi ilə elektrotexniki avadanlıqların ifrat gərginliklərdən mühafizəsi konsepsiyalarının işlənilməsi.

Elektrofiziki üsulların texnoloji proseslərdə tətbiqinin nəzəri əsaslarının inkişafı.

Polimer-dielektrik əsaslı kompozisiyalı materialların elektrofiziki xassələrinin tədqiqi.

Əsas elmi nəticələri Mürəkkəb elektrik şəbəkələrində komutasiya hallarında yüksək tezlikli ifrat gərginlikləri və real prosesləri əks etdirən modelin qurulması üçün müvafiq analitik alqoritm işlənilmişdir. Modelin qurulması elektrik şəbəkəsinin mühafizə qurğularına, o cümlədən ifrat gərginlikləri məhdudlaşdıran qeyri-xətli rezistorlara tətbiq edilən tələblərin daha dəqiq müəyyənləşdirilməsinə imkan vermişdir. Bu nəticələrdən istifadə edərək, müxtəlif təyinatlı varistorların hazırlanma texnologiyaları işlənilmiş, varistorlar hazırlanıb, sınaqdan keçirilmişdir. Yeni növ iki müxtəlif ferromaqnit örtükdən istifadə edərək tezlikdən asılı qeyri-xətli rezistorun alınma texnologiyası işlənilib, hazırlanmışdır.

NiZn ferromaqnit mikroölçülü toz materialın elektrik və maqnit xüsusiyyətlərini nəzərə alaraq perkolasiya nəzəriyyəsi əsasında nəzəri modeli qurulmuş və alçaq tezlikli elektrik şəbəkələrini yüksək tezlikli küy və ifratgərginliklərdən effektiv mühafizə edən rezistiv element hazırlanmışdır. Rezistorlarda elektrik və maqnit sahələrinin strukturu müəyyən edilmişdir. Element Moskva şəhərində texniki nailiyyətlər sərgisində nümayiş etdirilmişdir.

Mürəkkəb elektrik şəbəkələrində baş verən dalğa proseslərinin kompleks hesabatlarında, rezistiv ifrat keçiricili cərəyan məhdudlaşdırıcılarını nəzərə almaq üçün yüksək temperaturlu ifrat keçiriciliyə əsaslanan və nəzəri tədqiqatlarda kompüter modelləşdirilməsini həyata keçirməyə imkan verən riyazi model hazırlanmışdır.

Ferrorezonans və yüksək tezlikli ifrat gərginliklərdən mühafizə məqsədilə ədədi təcrübələr və kompüter modelləşdirilməsi üçün alqoritm təklif olunmuşdur. Müəyyən edilmişdir ki, elektrik avadanlıqları üçün təhlükəli olan ifrat gərginliklərdən mühafizə məqsədilə ferrorezonans və yüksək tezlikli ifrat gərginliklərdən mühafizəni vahid kompleks vasitəsilə əldə etmək olar.

Güclü elektrik sahələrinin və qazboşalmalarının təsirləri şəraitində adsorbsiya proseslərindən istifadə edərək karbohidrogen mənşəli qaz və mayelərin, eyni zamanda sənaye tullantı suların təmizlənməsi üzrə yeni effektiv üsullar işlənilmiş, yarımsənaye-pilot qurğusu layihələndirilib, hazırlanıb, sınaq təcrübələri yerinə yetirilib və orta-kiçik miqyaslı sənaye sahəsində tətbiq edilmişdir.

Kütlə-spektrometrik üsulun inkişaf etdirilməsi üzrə nəzərə-praktiki işlər yerinə yetirilmişdir. Aksial-simmetrik elektrik sahəsinə malik, uçuş müddətinə görə ionları fərqləndirən, kütlə-spektrometrinin texniki göstəricilərinin yaxşılaşdırılmasına nail olunmuşdur.