Filiz və qeyri filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsi

Tel. (+994 12) 5105618
Faks (+994 12) 4975285 
Elektron poçtu chkashkay@bk.ru
Struktur bölmənin rəhbəri geologiya-mineralogiya elmləri doktoru Qaşqay Çingiz Mirəli oğlu
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Strukftur-formasiya zonalarının formalaşmasının müxtəlif geodimik rejimlərinin alp maqmatik və metasomatik komplekslərinin petroloji-geokimyəvi meyarlari;

Qara şistlərdə metalların diferensiasiyasında və geokimyəvi anomal zonaların əmələgəlmə prosesində sorbsiya-desorbsiya amillərinin rolunun tədqiqi;

Struktur-formasiya zonalarında və filiz rayonlarında filizlərin ekoloji təhlükəsiz üsullarla çıxarılma texnologiyalarının tətbiqi üçün əlverişli sahələrin seçilməsi;

Kompüter və eksperimental modelləşdirmədən istifadə edilərək seçilmiş obyektlərin filizlərindən metalları çıxara biləcək ən optimal texnoloji rejimlərin aşkar edilməsi.

Əsas elmi nəticələri Yura vulkanizminin ayrı-ayrı vulkanik kompleksləri öyrənilmişdir. Bayos vulkanizminin bimodal inkişafı müəyyən edilmişdir; bat bazalt-andezidasit-riolit formasiyalarının indikator süxurlarının geoloji-petroloji xüsusiyyətlərinin öyrənilməsi nəticəsində bat vulkanizminin homodrom inkişaf tipinə aid olması aşkar edilmişdir; kimeric bazalt-andezidasit formasiyası seriyaları süxurlarının genetik qohumluğu və seriyaların yayılmasında eninə zonallıq müəyyən edilmişdir; Kiçik Qafqaz mezozoy adalar qövsü ərazisində həm eyniyaşlı vulkanik seriyalarda, həm də bütövlükdə mezozoy kompleksində nadir torpaq elementlərinin paylanmasında eninə zonallıq qeyd olunmuşdur.

Şöbədə Azərbaycanda ilk dəfə təməli qoyulmuş ekoloji təhlükəsiz geotexnologiya elm sahəsinin inkişafı və bu elmin tətbiq sahəsi olan filizlərdən nəcib metalları zərərsiz məhlullarla bilavasitə yer altında yuylub çıxara biləcək üsulların işlənilməsi istiqamətində tədqiqatlar yerinə yetirilmişdir. Bu istiqamətin inkişafı respublika Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə dəstəklənmişdir. Ətraf mühitə ziyan verməyən tədbirlər kompleksinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycanda sənaye əhəmiyyətli elementlərlə zəngin yataq və təzahürlərin bir çoxu qoruq zonalarında və ya təsərrüfat sahələrində, ya da dərinlikdə və ya çətinliklə gedilə bilən yerlərdə yerləşmişdir. Bu filiz obyektlərinin klassik üsullarla istismarı həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli deyil.

Azərbaycanda ilk dəfə ekoloji zərərsiz yeraltı aşındırma texnologiyası üzrə elmi-tədqiqat işləri qızıl və onu müşayiət edən elementlərin filizlərdən çıxarılması üçün aparılmışdır. Kompüter və eksperimental modelləşdirmədən istifadə edilərək seçilən hər bir yatağın filizlərindən qızılı və onu müşayiət edən elementləri çıxara biləcək ən optimal texnoloji rejimlər aşkar edilmişdir. Laboratoriyada işlənilib hazırlanmış model iri modelləşdirmə qurğularında və bilavastə filiz obyektində müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. Texnoloji prosesləri bilavasitə yataq üzərində aparmaq məqsədi ilə “Mobil pilot kompleksi” yaradılmışdır. Yerin altında yuyucu məhlulların hərəkətini istiqamətləndirən və təmzimləyən yeni texnoloji üsul üzrə patent alınmışdır.

Ağayev Әli Nәsir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Gәdәbәy filiz sahәsindә zәrәrsiz xlorit metodu ilә geotexnoloji işlәrin aparılmasının araşdırılması” (01.06.2012–01.06.2013-cü illər) mövzusunda qrant layihəsi yerinə yetirilmiş və nəticədə Gədəbəy filiz sahəsiyndə və Azərbaycanın başqa bu tip yataqlarında tətbiq oluna biləcək klassik sianid texnologiyasından geri qalmayan, hətta bəzi parametrlərə görə ondan üstün olan xlorit texnologiyası işlənilmişdir. Həmin fondun digər layihəsi “Böyük Qafqazın cәnub yamacında Duruca strukturunun qızıldaşıyan qara şistlәrindәn qızılın vә digәr nәcib elementlәrin yatım yerindә çıxarılma texnologiyasının işlәnilmәsi” (01.06.2013 - 01.12.2014-cü illər) üzrə aparılan laboratoriya sınaqları nəticəsində qızılsaxlayan obyektin mühüm geotexnoloji xassələri – filtrasiya əmsalı, filizlərdən metalın çıxarılma dərəcəsi, rentabelli məhlullarda metalın orta miqdarı və s. təyin olunmuşdur. Müəyyən edilmişdir ki, Duruca struktur zonasının tədqiq olunan sahələrinin qızıldaşıyan süxurlarının filizlərindən qızılı çıxarmaq üçün qızılın yatım yerində yuyulub çıxarılması metodundan istifadə etmək daha məqsədəuyğundur.

Şöbənin əməkdaşları “Azərbaycanın bərk filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının atlası”, “Naxçıvan MR-in geoloji ensiklopediyası” və “Azərbaycan Respublikasının geoloji ensiklopediyası” (“Mineralogiya” və “Filiz faydalı qazıntı yataqları”; “Qeyri-filiz faydalı qazıntı yataqları” bölmələri) cildlərinin tərtib olunmasında iştirak edirlər.