Dənli-taxıl və paxlalı bitkilər şöbəsi

Tel. (+994 12) 5629805 
Faks (+994 12) 4499221 
Elektron poçtu

xanbala.rustamov@yandex.com

Struktur bölmənin rəhbəri b.ü.f.d. Xanbala Rüstəmov Nəriman oğlu 
İşçilərin ümumi sayı 24
Əsas fəaliyyət istiqamətləri  Şöbənin əsas fəaliyyət istiqaməti Azərbaycanda yayılmış dənli-taxıl və paxlalı bitkilərin genofondunun toplanması, mübadilə, introduksiya və hibridləşdirmə yolu ilə genofondun zənginləşdirilməsi, nümunələrin kəmiyyət əlamətlərinə görə analizi, məhsuldar formaların seçilməsi və onlardan seleksiyada istifadə etməklə məhsuldar sort və formaların əldə edilməsidir. Digər bir istiqamət dənli-taxıl və paxlalı bitkilərin biomorfoloji əlamətlər əsasında genetik müxtəlifliyinin tədqiqi və pasportlaşdırılaraq genbankda saxlanmasını təmin etməkdir. Tarla şəraitində, həmçinin laboratoriyada bitkilərdə kəmiyyət əlamətlərinin nəslə irsən keçmə xüsusiyyətlərinin və nümunələrin abiotik və biotik stres amillərinə davamlılığının qiymətləndirilməsi və davamlılığın genetik xüsusiyyətlərini tədqiq edərək yeni sortların yaradılması üçün elmi bazanın hazırlanması da fəaliyyət istiqamətinə daxil edilmişdir. Bununla yanaşı, Azərbaycanda yaradılmış dənli-taxıl və paxlalı bitki sortlarının tarla muzeyinin yaradılması və onların hərtərəfli tədqiq edilərək daha məhsuldar va davamlı sortların yaradılması istiqamətində işləri gücləndirmək də şöbənin əsas vəzifələrindəndir. Gələcəkdə yeni istiqamət kimi, marker əsaslı seleksiyadan istifadə edərək seleksiya prosesində zamanın qısaldılmasına nail olunması və bu istiqamətin həyata keçirilməsi üçün metodikaların hazırlanması nəzərdə tutulmuşdur. 
Əsas elmi nəticələri

Ekspedisiya və introduksiya yolu ilə 1200-ə yaxın dənli-taxıl, 400-dən artıq isə paxlalı bitkilər toplanmış, hərtərəfli tədqiq olunmuş və pasportlaşdırılaraq genbanka verilmişdir.

Hibridoloji analiz nəticəsində yumşaq buğdalara aid 115, bərk buğdalara aid 64 sabit forma seçilərək kolleksiyaya daxil edilmişdir.

Laboratoriya və tarla təcrübələrinin nəticələrinə əsasən öyrənilmiş 53 di- və tetraploid buğda nümunəsindən quraqlıq və duzluluq streslərinə yüksək davamlı 14 genotip aşkar edilmişdir.

Respublikamızın müxtəlif bölgələrindən T.dicoccum (Schrank) Schuebl., T.durum Desf., T. polonicum L., T.aestivum L., T.spelta L., T.compactum Host. növlərinə və növlərarası hibridlərə aid 700-dən çox nümunə seçilərək Qobustan BTS və Abşeron TB-da səpilmişdir. Toplanılmış nümunələrin əksəriyyəti Asiya növaltılarına mənsubdur. Onların arasında təsnifatda göstərilməyən növmüxtəlifliyi və formalara da rast gəlinir.

İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda və mərcimək kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə, genetik müxtəliflik və genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda və mərcimək sortlarının genetik yaxınlıq dərəcəsi, həmçinin mərcimək kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin (68%) olması təyin edilmişdir.