Neft-qaz sahələrinin iqtisadiyyatı və proqnozlaşdırılması şöbəsi

Tel. (+994 12) 5392140  
Faks  
Elektron poçtu arifquliyev1933@rambler.ru 
Struktur bölmənin rəhbəri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Quliyev Arif Mehdi oğlu
İşçilərin ümumi sayı 13 
Əsas fəaliyyət istiqamətləri  Neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamiki hesablama üsullarının inkişaf etdirilməsi;

Mürəkkəb reoloji xassəli yataqların müxtəlif rejimlərdə quyular sistemi ilə işlənmə prosesinin modelləşdirilməsi;

Yataqların işlənmə göstəricilərinin hesablanması üçün tətbiqi proqramların hazırlanması;

Karbohidrogen resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, optimal proqnozlaşdırılması və idarə olunması;

Layların süzülmə-tutum, reoloji və istilik-fiziki parametrlərinin quyuların hidroqazotermodinamik tədqiqatı məlumatları əsasında təyini üçün səmərəli interpretasiya üsullarının hazırlanması;

Müqavilə əsasında elmi-tətbiqi işlərin aparılması. 

Əsas elmi nəticələri Çoxlaylı neft və qaz yataqlarının işlənməsinin layihələn­dirilməsi və tənzimlənməsinin idarə olunan işlənmə şəraitini yaratmaqla laylardan neftin və qazın daha dolğun çıxarılmasını təmin edən hidroqazodinamiki hesablama üsulları hazırlan­mışdır.

Süxurların relaksasiyalı və sürüngən­li deformasiyasını nəzərə almaqla tükənmə rejimində quyular şəbəkəsi ilə istismar olunan neft, qaz və neftqaz yataqlarının işlənməsinin texnoloji göstəricilərinin təyininin hidroqazodinamiki hesablama üsulları hazırlanmışdır.

Laya reagentləri ardıcıl vurmaqla temperaturun yüksəl­dilməsi əsasında neftin sıxışdırılmasının yeni texnologiyası təklif olunmuşdur ki, bu da su ilə sıxışdırma ilə müqayisədə layın son neftvermə əmsalını iyirmi faizədək artırır.

Neft-mədən avadanlıqlarının parafin və asfalt-qətran çökün­tülərindən təmizlənməsi yolu ilə hasilatın intensivləşdi­rilməsinin yeni texnologiyası hazırlanmış və  mədən şəraitində tətbiq edilmişdir.

Layın fiziki modelində neftin qeyri-izotermik süzülməsi tədqiq olunmuş və göstərilmişdir ki, süzülmə prosesində izotermikliyin qəbul edilməsi hasilatı xeyli azalda, quyular sayını və yatağın işlənmə müddətini artıra bilər.

Quyudibi təzyiqin bərpası məlumatlarından istifadə etməklə layların süzülmə-tutum parametrlərinin, süxurların relaksasiya və sürüngənlik xassələrinin təyini üçün effektiv üsullar hazır­lanmışdır.

Birgə istismar olunan layların hər birinin ayrılıqda süzülmə-tutum parametrlərinin və hasilatlarının quyudibi təzyiqin bərpa (və ya düşmə) əyrisindən, quyunun ümumi hasilat dinami­kasından istifadə etməklə və quyu lüləsində təzyiq itkilərini nəzərə almaqla təyininin yeni effektiv üsulu yaradılmışdır.

İqtisadi-riyazi modelləşdirmə və optimallaşdırma əsasında, regionda neftqazçıxarmanın inkişafının bütün mərhələlərinin uzun­müddətli proqnozlaşdırılması meto­dikası hazırlanmışdır.

Neftin sənaye əhəmiyyətli çıxarıla bilən ehtiyat artımı və ondan alınan hasilatla işlənən yataqlarda qazılan yeni quyulardan alınan hasilat arasında maksimum mənfəət meyarı əsasında optimal münasibətlərin təyin edilməsinə imkan verən iqtisadi-riyazi model işlənib hazırlanmışdır.

Geofiziki və axtarış-kəşfiyyat işlərinin optimal həcmlərinin və onların nisbətlərinin təyininə imkan verən stoxastik optimallaş­dırma məsələsi həll edilmişdir.

Yeni və uzun müddət istismar olunan yataqlar arasında investisiyanın paylanmasının optimal idarəetmə modeli hazırlan­mışdır.

Karbohidrogen resurslarının mənimsənilməsi prosesində risqin qiymətləndirilməsi və idarə edilməsi üçün yeni ümumləşdirilmiş üsul təklif olunmuşdur.

Bazar şəraitində karbohidrogen resurslarının mənimsənil­məsi­nin investisiya layihələrinin iqtisadi effektivliyini qiymətləndir­məyin metodologiyası təklif olunmuşdur.

Neftqazçıxarma kompleksi müəssisələri üçün birbaşa verginin optimal yükünün təyininin iqtisadi-riyazi modeli hazırlanmışdır.

Karbohidrogen ehtiyatlarının mənimsənilməsinin əlverişli strategiyasını müəyyən etməyə imkan verən tətbiqi proqram paketi hazırlanmışdır.

«Neftqazçıxarma terminlərinin izahlı lüğəti (rusca-ingiliscə-azər­bay­canca)» tərtib və çap edilmişdir.

Alınmış nəticələr əsasında 5 elmlər doktorluğu və 14 fəlsəfə doktorluq dissertasiyaları müdafiə edilmiş, 6 “Rəhbər sənəd” (təlimat və rəhbərlik) hazırlanmış və son iyirmi ildə 16 təsərrüfat müqaviləli elmi-tətdiqat işləri yerinə yetirilmişdir. Həmçinin, şöbə institutda Qaradağ, Cənub, Bahar, Palçıq Pilpiləsi, Bulla-dəniz, Pirallahı və s. yataqları üzrə aparılmış kompleks təsərrüfat müqaviləli işlərdə iştirak etmişdir.