Tektonofizika və geomexanika şöbəsi

Tel. (+994 12) 5105617 
Faks (+994 12) 5372285  
Elektron poçtu hatamguliyev@gmail.com
Struktur bölmənin rəhbəri Akademik Quliyev Hətəm Hidayət oğlu
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Tektonofizika, dağ-mədən mexanikası, seysmik kəşfiyyat, müasir geodinamika, Yerin daxili strukturası və dinamikası, geomexanika
Əsas elmi nəticələri Fundamental tədqiqatlar sahəsində: litosferin qeyri-klassik tektonofizikasının nəzəri əsasları yaradılmış, Yer təkində konsentrik sferik (lateral) səthlər üzrə geoloji yarıqların mövcudluğu isbat olunmuş, geoloji mühit sıxlığının Yerin dərinliyi üzrə paylanmasının qeyri-xətti məsələsi həll olunmuş, bu həllin qeyri dayanıqlı olduğu göstərilmiş və müxtəlif dərinliklərdə mühitin sıxlığının boşalması mexanizmi təklif edilmişdir.

Yer qatının tektonik çox zolaqlı olması nəzəri əsaslandırılmışdır.

İlk dəfə olaraq bütöv mühitin o cümlədən də dağ süxurlarının dağılmasının dayanıqlığın spesifik formada itməsi yolu ilə baş verməsi konsepsiyası irəli sürülmüş, onun üçölçülü nəzəriyyəsinin əsasları işlənilib hazırlanmış, bu konsepsiya çərçivəsində süxurların nəzəri möhkəmlik həddlərinin təyini üsulu, kövrək və plastik dağılmanın meyarları təklif edilmiş və Yerin müasir geodinamikası ilə bağlı bir sıra konkret məsələlər dağılma mexanikası movqeylərində həll edilmişdir.

Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının geomexaniki diferensial meyarlarının verilmiş, Yerin bərk nüvəsi üzrə bu meyarların tələblərinin ödənilməməsi isbat edilmişdir, Yerin məxsusi rəqslər məlumatlarının inteqral kriteriyalar çərçivəsində interpretasiya olunması üçün, fiziki-mexaniki xüsusiyyətləri dərinlik üzrə qeyri-bircins olan üçlaylı kompozit kürənin məxsusi rəqslər məsələsi həll edilmişdir.

Geoloji kəsilişin üst qatlarında səthyani formalı, daxili qatlarında isə struktur formalı dayanıqlığın itirilməsi mexanizmləri verilmiş, bu mexanizmlərin köməyi ilə mürəkkəb geodinamik şəraitdə antiklinal tipli neft-qaz tələlərinin və çöküntü hövzələrinin formalaşmasının və tektonik inkişafının ciddi üçölçülü qeyri-xətti nəzəriyyəsinin əsasları işlənilmişdir.

Yerin struktur modelində fiziki parametrlərin paylanmasının ancaq inteqral meyarlarla (Yerin ümumi kütləsi, Yerin ətalət momenti, Yerin məxsusi rəqsləri, Yerin öz oxu ətrafında fırlanma hərəkətindəki sapmalar və s.) deyil həm də diferensial meyarlarla da təyininin zəruri olduğu göstərilmiş və bu meyar kimi deformasiyaların bircins və müntəzəm dəyişmə intervallarının istifadə olunması təklif olunmuşdur. Bu intervallar həm möhkəmlik, həm dayanıqsızlıq, həm də mühitdə həqiqi sürətə malik elastiki dalğaların yayıla bilməsi nöqteyi nəzərdən təyin olunmuşdur. Göstərilmişdir ki, hal-hazırda Yerin strukturu haqqında geologiyada qəbul olunmuş modellərdə, bu diferensial meyarlar, mantiyanın orta qatından başlayaraq və ələlxüsusda Yerin bərk nüvəsində pozulur.

İnnovativ tədqiqatlar sahəsində: seysmik kəşfiyyat, quyu geofiziki və seysmoloji məlumatların işlənilməsinin və geoloji şərhinin yeni qeyri-klassik seysmik baza modeli yaradılmış, bu modelə daxil olan mühitin qeyri-xətti fiziki parametrlərinin təyini üsulu işlənib hazırlanmış və bunların tətbiqinin müasir kompüter proqram kompleksi hazırlanmışdır.

Yeni metodların və hazırlanmış kompleks proqramların istifadə edilməsi ilə BP, AMOCO və ARDNŞ-nin sifarişi əsasında 20-dən çox böyük həcmli elmi-texniki layihələr yerinə yetirilmişdir.

Həyata keçirilmiş qrant layihələri: Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) layihə #3647 (2007-2010), layihə #5085 (2010-2011), layihə #5602 (2012-2014), layihə #5790 (2013-2015) və ARDNŞ-in Elm Fondunun layihələri #17 və #18 (2013-2015).