Neft-kimya prosesləri texnologiyası laboratoriyası

Tel. (+994 12) 4902476 (146)  
Faks  
Elektron poçtu azer.qasimov@yahoo.com 
Struktur bölmənin rəhbəri

Azər Əli Bala oğlu Qasımov

Texnika elmləri doktoru, professor 
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri  Dehidrogenləşmə prosesləri , metallarla modifikasiya olunmuş seolit katalizatorlarda katalitik krekinq qazlarından yüksək oktanlı benzinin alınması , suyun termo-katalitik parçalanması ilə hidrogenin alınması və karbon dioksid ilə su buxarının qarşılıqlı təsirindən müxtəlif sinif üzvü birləşmələrinin sintezinin yeni istiqamətləri. 
Əsas elmi nəticələri Katalitik krekinq prosesi üçün "qaynar lay" texnologiyası yaradılmış, bunun əsasında Bakı NEZ-da iri sənaye İ-B və İ-A tipli qurğular quraşdırılmışdır. Proses üçün yüksək keyfiyyətli alümosilikat katalizatoru hazırlanmışdır. Monoolefinlərin alınması məqsədi ilə C3-C5 parafin karbohidrogenlərinin dehidrogenləşməsi üçün dünyada ilk dəfə olaraq kiçikdispersli K-5 katalizatorunun qaynar layında katalitik dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Bu prosesin sənayedə tətbiqi divinil istehsalında istifadə olunan etanolun həcminin kəskin dərəcədə azalmasına səbəb olmuşdur. Bu proses keçmiş Sovet İttifaqının bir çox şəhərlərində - Sumqayıtda, Kuybışevdə, Omskda və Rumıniyada sintetik kauçuk zavodlarında geniş tətbiq olunmuşdur. Sintetik yuyucu maddələrin istehsalında xammal kimi iştifadə olunan C9 - C14 xətti olefinlərinin alınmasını təmin edən C9 - C14parafin karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Sənaye katalizatorlarının iştirakı ilə C4-C5 karbohidrogenlərinin uyğun dien karbohidrogenlərinə dehidrogenləşmə prosesinin yaradılması sahəsində orijinal tədqiqatlar aparılmışdır. Akril və epoksi birləşmələrinin əsasında yeni, suda həll olan polimerlər alınmışdır. Para-tret-butilfenol və para-tret-oktilfenolun alınmasını təmin edən atmosfer təzyiqində maye fazada seolittərkibli katalizatorun iştirakı ilə fenolun izobutilen ilə alkilləşməsi prosesi işlənib hazırlanmışdır. Alınmış alkilfenollar neft-kimya və üzvi sintez sənayesində geniş tətbiqini tapmışdır. Onlardan səthi-aktiv maddələr istehsalında, sürtgü yağlarında aşqar kimi geniş istifadə edilir. İzobutilenin oliqomerləri ilə fenolun alkilləşməsi prosesinin texnologiyası işlənib hazırlanmışdır. Proses stasionar laylı katalizatorun iştirakı ilə pilot qurğusunda sınaqdan çıxarılmışdır. C2-C3 parafin karbohidrogenlərinin oksid və oksixlormanqan tərkibli katalizatorun iştirakı ilə oksidləşdirici cevrilmələrinin qanunauyğunluqları öyrənilmişdir. Katalizatorun selektivliyinə natriumin təsiri və olefinlərin yüksək çıxımını təmin edən optimal tərkib təyin edilmişdir. Müxtəlif oksid katalizatorlarının iştirakı ilə metanın, etanın, propanın karbondioksidlə çevrilmə reaksiyalarının əsas qanunauyğunluqları öyrənilmişdir. Prosesin optimal şəraiti kinetik qanunauyğunluqları, mexanizmi və kataliz prosesində CO2-nin istifadəsinin imkanları öyrənilmişdir.

Etilenin, propilenin xətti və tsiklik oliqomerlərin, butadienin, izoprenin istehsalı üçün yeni effektiv proseslər və katalizatorlar işlənib hazırlanmışdır. Yeni bifunksional katalizator-stabilizatorlar və onların əsasında aşağı və yüksəkmolekullu polibutadien istehsalı üçün yeni, ekoloji cəhətdən təhlükəsiz texnologiya işlənmişdir.

Son illər laboratoriyada hazırlanmış oksid katalizatorların iştirakı ilə propanın və izobutanın dehidrogenləşmə proseslərinin işlənib hazırlanması istiqamətində tədqiqatlar aparılır. Oksid katalizatorları termovakuum şəraitində hazırlanırlar. Bu üsulla sintez olunmuş katalizatorların fiziki-kimyəvi tədqiqi göstərir ki, termovakuum şəraitində eyni zamanda K 2 Cr 2 O 7  əmələ gəlir. Dehidrogenləşmə reaksiyasının gedişində böyük rol oynayan K2 Cr 2 O 7, məqsədli məhsulun yüksək çıxımını təmin edir. İstilik və material axınını nəzərə alınaraq oksigenin iştirakı ilə propanın dehidrogenləşmə prosesinin tam riyazi modeli işlənib hazırlanmışdır.

Laboratoriyada Ni, Cr, Bi metalları ilə modifikasiya olunmuş və γ-Al 2O3 əlaqələndiricisi olan seolittərkibli katalizatorlar işlənib hazırlanmışdır. Bu katalizatorlar eyni zamanda parafin karbohidrogenlərinin olefin karbohidrogenlərinə dehidrogenləşməsi reaksiyasının və parafin karbohidrogenlərinin olefinlərlə alkilləşmə reaksiyasının həyata keçirilməsinə imkan verir. Bu ardıcıllıqla gedən reaksiya nəticəsində xüsusi reaktorlarda C 3 H 8 -dən maye məhsullar alınır. Maye məhsulların çıxımı ilkin C 3 H 8-ə görə 60-70%-dir. Katalitik krekinq qazlarının tərkibində olan (PPF və BBF) karbohidrogenlərin seolittərkibli sənaye katalizatorlarının iştirakı ilə maye məhsullara çevrilməsi prosesinin texnoloji sxemi hazırlanmışdır və geniş tədqiqatlar aparılmışdır. Bu prosesdə istifadə olunan katalizatorlarda əlaqələndirici kimi gildən istifadə olunmuşdur. Tədqiqatlar stasionar laylı katalizatoru olan reaktorda aparılmışdır. Reaksiyada alınan maye məhsullarının çıxımı xammalda çevrilən olefinlərin cəminə görə 150-160%, PPF 77,5%, BBF 72,2%, BBF-da çevrilən C 2  – C 4  olefinlərin miqdarı 235,4%, motor üsulu ilə müəyyən edilmiş oktan ədədi 80-82, tədqiqat üsulu ilə 90-92, başlanğıc qaynama temperaturu 60°C, son qaynama temperaturu 200°C-dir.

Suyun termo-katalitik çevrilməsinə dair tədqiqatlar aparılmışdır. Müəyyən edilmişdir ki, reduksiyaedicinin (CO) iştirakı ilə suyun parçalanması fasiləsiz şəraitdə baş verir. Tərkibində Fe olan katalizatorda 200-300°C-də suyun konversiyası ~90% təşkil edir.

Müəyyən edilmişdir ki, tərkibində Fe olan katalizatorlarda 300°C temperaturunda CH 4  alınır, 300°C-dən yüksək temperaturda isə C 2 H 6  alınır.AMEA NKPİ-də hazırlanan bu metodun üstünlüyü prosesin, sistemə xaricdən H 2 vermədən həyata keçməsi ilə əlaqədardır. Sistemə lazım olan hidrogen suyun parçalanması zamanı alınır.Bu istiqamətdə laboratoriyada aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədilə bir sıra layihələr hazırlanaraq Qrant müsabiqələrinə təqdim edilmışdir və qalib olmuşdur. “Nanostrukturlaşmış Fe 2 O 3  tərkibli katalizatorların sintezi və onların sudan hidrogenin alınması reaksiyasında tədqiqi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə (2011-2013-cü illər) müvəffəqiyyətlə həyata keçirilmişdir. “CO 2  və H 2 O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi” adlı layihə isə ARDNŞ-nin “Elm Fondu”nun dəstəyi ilə hal-hazırda həyata keçirilir (2013-2014-cü illər).

Cəmi 155 iş çap olunub: 22 xaricdə, 60 respublika jurnallarında, 57 tezis, 16 patent