Monomerlər, oliqomerlər və kataliz şöbəsi

Tel. (+994 12) 4965894
Faks (+994 12) 4903520  
Elektron poçtu minaver-ibrahimova@rambler.ru
Struktur bölmənin rəhbəri Minavər Cəfər qızı İbrahimova k.e.d., professor
İşçilərin ümumi sayı 80
Əsas fəaliyyət istiqamətləri  Yeni və effektiv səthi-aktiv maddələrin (o cümlədən ion-maye tipli) ekoloji təmiz alınma üsullarının işlənib hazırlanması, onların xalq təsərrüfatının müxtəlif sahələrində tətbiqi üzrə tövsiyələrin verilməsi.

Polifunksional monomerlərin,o cümlədən ion-maye tipli monomerlərin sintezi, oliqomerləşməsi, polimerləşməsi və birgə opolimerləşməsinin, alınan polimer məhsulların xassələrinin və tətbiq sahələrinin tədqiqi.

Dehidrogenləşmə prosesləri, metallarla modifikasiya olunmuş seolit katalizatorlar iştirakında katalitik krekinq qazlarından yüksək oktanlı benzinin alınması, suyun termo-katalitik parçalanması ilə hidrogenin alınması və karbon dioksid ilə su buxarının qarşılıqlı təsirindən müxtəlif sinif üzvi birləşmələrin sintezinin yeni istiqamətləri.

Etilenin və C3-C12 α-olefinlərin oliqomerləşməsi və polimerləşməsi üçün yeni metalüzvi və ion maye tipli katalitik sistemlərin işlənib hazırlanması. Polietilen, polipropilen və onların calaq birgəpolimerləri əsasında tərkibində Ti-, Ni-, Al-, Cu-, Fe-(nano)zərrəcikləri saxlayan polimer kompozitlərin, faza-keçid materiallarının sintezi. Polimer nanokompozitlərin və sulfokationitlərin bəzi neft-kimya proseslərində katalitik xassələrinin yoxlanılması.

Tənzimlənmiş struktur quruluşa malik, dar molekul kütlə paylanması ilə xarakterizə olunan polimer və birgə polimerlərin perspektiv alınma üsullarının işlənib hazırlanması.

Bir sıra yağ və yanacaq fraksiyalarının və efirləşmə nəticəsində alınan azeotrop qarışıqların selektiv ayrılması üçün ion-maye tipli ekstragentlərin tədqiqi.

Alkil-tsikloalkilfenollar əsasında tərkibində müxtəlif fraqmentlər saxlayan polifunksional kombinə olunmuş kimyəvi əlavələrin (antioksidantlar, aşqarlar, stabilizatorlar, oksigenatlar, ingibitorlar, dərman preparatları, müxtəlif kimyəvi proseslərdə istifadə olunan kataliatorlara liqandlar və s.) alınması.

Əsas elmi nəticələri Neft sənayesində tətbiq üçün karbon turşuları, ali alkanollar, aminlər, epoksidlər və aminospirtlər əsasında müxtəlif çeşidli səthi-aktiv maddələrin alınmasının kompleks sxemi işlənib hazırlanmışdır.

Ekoloji zərərsiz, sadə, iqtisadi baxımdan səmərəli istehsal və emal texnologiyaları yaratmağa imkan verən, katalitik komponent, katalitik sistem və həlledici kimi istifadə oluna bilən ion mayelərinin sintezi, onların iştirakında sintetik polialfaolefin baza yağlarının alınması, həlledici mühit kimi istifadə etməklə (met)akrilakrilatların, po(met)akril-akrilatların sintezi və seçici həlledici kimi istifadə etməklə müxtəlif mənşəli neft fraksiyalarının təmizlənməsi sahəsində tədqiqatlar aparılmışdır.

Neft fraksiyalarının, o cümlədən müxtəlif yağ və yanacaq fraksiyalarının seçici təmizlənməsində sintez edilmiş neytral xarakterli ion maye tərkiblərin ekstragent kimi tətbiqinin iqtisadi və ekoloji baximdan səmərəli və perspektiv olduğu göstərilmişdir. Alınmış nəticələrə əsaslanaraq bu prosesin sənaye miqyasında tətbiqinə tövsiyələr verilmiş, təcrübə sənaye zavodunda transformator yağ distillatının ion-maye tərkiblə seçici tənzimlənməsi həyata keçirilmişdir.

Alitsiklik funksional monomerlərin alınması istiqamətində geniş tədqiqatlar aparılmış, nəticədə bitsiklik, tritsiklik və tetratsiklik akrilat və metakrilat yeni monomerlərinin sintezi üsulu işlənib hazırlanmış, onların əsasında praktiki əhəmiyyətə malik olan oliqomer və polimerlər alınmışdır.

Metakril turşusunun bir sıra mürəkkəb efirlərinin ion maye katalitik sistem iştirakında yüksək çıxımla yeni alınma üsulları işlənib hazırlanmış, yüksək molekullu birləşmələrin perspektiv alınması istiqamətində tədqiqatları davam etdirərək onların neytral təbiətli ion maye həll edici mühit iştirakında polimerləşməsi tədqiq olunmuş, yüksək molekul kütləsi ilə xarakterizə olunan poliakrilatların yüksək çıxımla alınma şəraiti müəyyən olunmuşdur.

Yeni kompleks xassələrlə xarakterizə olunan, polimer materiallar almaq üçün yeni tip monomerlərin-ion maye monomerlərin sintezi və polimerləşməsi həyata keçirilmiş, alınan polimer məhsulların antimikrob xassələrə malik olmaları və karbon qazı üçün adsorbent kimi səmərəli olduqları müəyyən edilmişdir.

Struktur quruluşu, molekul kütlə paylanması tənzimlənmiş, yüksək fiziki-mexaniki göstəriciləri, istismar xassələri ilə fərqlənən polimer və birgəpolimerlərin “canlı” radikal mexanizmi ilə sintezi sahəsində tədqiqatlar aparılaraq stabil sərbəst radikal -4-karboksiamid, 2,2,5,5-tetrametilpirrolin-1-oksil iştirakında stirolun radikal polimerləşməsi və metakril turşusunun bəzi efirləri ilə tənzimlənən mexanizmlə birgəpolimerləşməsi tədqiq olunmuş və aşağı polidisperslik göstəricisi ilə xarakterizə olunan polimer məhsulların, o cümlədən blok birgəpolimerlərin alınma şəraiti müəyyən edilmişdir.

“Calanmış ion maye” liqandlı metalüzvi katalitik sistemlərin sadə “in situ” alınma üsulu işlənib hazırlanmış, onların iştirakında müxtəlif göstəricilərə malik poliolefinlər alınmışdır. Yeni sadə inisiator sistemləri iştirakında alınan calaq calaq birgə polimerlərin sulfo-törəmələri və onların nanotitan modifikatlarının iştırakında efirləşmə reaksiyalarının baş vermə mexanizmləri araşdırılmışdır. Tərkibində Cu-, Fe-, Al-saxlayan yüksək fiziki-mexaniki göstəricilərə və termooksidləşmə stabilliyinə malik, maqnit və elektrik xassələri ilə xarakterizə olunan polimer nanokompozitlər və faza-keçid materialları işlənib hazırlanmışdır.