Zooloji tədqiqatlar şöbəsi

Tel.  
Faks  
Elektron poçtu akifbayramov50@mail.ru 
Struktur bölmənin rəhbəri Bayramov Akif Bayram oğlu 
Biologiya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı 10
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinə daxil olan onurğasız və onurğalı heyvanlar, onların tədqiqi və istifadə imkanlarının araşdırılması istiqamətlərində
Əsas elmi nəticələri

Naxçıvan Muxtar Respublika şəraitində kənd təsərrüfatı heyvanlarında və ev quşlarında parazitlik edən spesifik törədicilərin-sarkosporidilərin (Apicomplexa, Eymeria və Sarcocystis) tədqiqinə üstünlük verilmişdir. Sarkosporidioz törədicilərinin fauna tərkibi (müvafiq olaraq 8 növ və 5 növ), potensial zərərverici növlər, onların müxtəlif ekoloji mühitlərdə virulentlik səviyyəsi, sporulyasiya mərhələsinin müddəti və ekoloji xüsusiyyətləri araşdırılmışdır. Sarcosystis horvathi Cənubi Qafqaz respublikalarının ibtidailər faunası üçün ilk dəfə göstərilmişdir.Xəstələnmiş heyvanlarda invaziyaların ekstensivliyi və intensivliyi qiymətləndirilmişdir. Sarkosporidiozların profilaktikası üçün təsirli mübarizə tədbirləri işlənilib hazırlanmışdır. İlk dəfə olaraq muxtar respublika şəraitində ev qazlarında 3 növ patogen Eimeria növü aşkar edilmişdir. Tədqiqat işlərinin nəticələrini əks etdirən monoqrafiya işıq üzü görmüşdür. Müasir metodlarla Naxçıvan (Araz) su anbarında makrozoobentosun növ tərkibi, kəmiyyət göstəriciləri, onun formalaşdırdığı təbii yem bazası, zoobentosun kaloriliyi, qidalılıq dəyəri öyrənilmiş, dib faunanın bentofaq balıq növlərinin qidalanmasında rolu və suyun bioloji özünütəmizləmə proseslərindəki funksional fəaliyyəti dəyərləndirilmişdir. Su anbarının hidrofaunasının kompleks tədqiqinə dair “Araz su anbarının hidrofaunası” monoqrafiyası nəşr edilmişdir. Muxtar respublikanın 2 böyük–Gilançay və Əlincəçay sistemlərinin makrozoobentosunda müvafiq olaraq 95 və 94 makrobentik orqanizm növü aşkar edilmişdir. 6 növ hidrobiont fauna üçün ilk dəfə göstərilmişdir. Hələlik bölgə hidrofaunasında 620-dən çox dib onurğasızı növü aşkar edilmişdir.

Muxtar respublika bağçılığında daha çox əkilib becərilən çəyirdəkli və tumlu meyvə ağaclarının zərərverici həşaratları və onların təbii düşmənləri kompleks şəkildə öyrənilir. Nəticədə meyvə ağaclarına zərərverən 4 dəstəyə, 23 fəsiləyə və 50 cinsə mənsub olan 59 növ həşarat və 9 fəsilədə birləşmiş 56 növ entomofaq (43 növ parazit və 22 növ yırtıcı) aşkar edilmişdir. 4 növ zərərverici və 5 növ entomofaq Azərbaycan, 25 növ zərərverici və 4 növ entomofaq isə muxtar respublika faunası üçün ilk dəfə göstərilmişdir. Zərərli və faydalı həşaratların bioekoloji xüsusiyyətlərinin və sahib-parazit münasibətlərinin öyrənilməsinə üstünlük verilmiş, fəal növlərin təsərrüfat əhəmiyyəti qiymətləndirilmişdir.

Muxtar respublika ərazisində arıkimilər faunası (Hymenoptera, Apoidea) ilk dəfə ətraflı tədqiq edilmişdir. Bölgə faunası üçün 7 fəsiləyə, 53 cinsə mənsub olan 335 növ arı aşkar edilmişdir. 146 növ Naxçıvan Muxtar Respublika, 77 növ isə Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir. Növlərinin sayına görə Anthophoridae (89 növ və ya ümumi sayın 26,6%-i) və Andrenidae (66 növ və ya 19,7%-i) fəsilələri üstünlük təşkil etmişdir. Arıların bölgə florasında növlərinin zənginliyi ilə fərqlənən fəsilələrə-Rosaceae, Fabaceae, Apiaceae, Lamiaceae və s. üstünlük verdikləri müəyyən edilmişdir. Təbiət komplekslərinin əvəzsiz ünsürlərindən olan hörümçəklərin ( Arachnoidea, Aranea ) rayonlar üzrə növ müxtəlifliyi (135 növ) araşdırılmışdır. Metellina mengei (Blackwall,1870) Azərbaycan faunası üçün ilk dəfə göstərilmişdir. Faunamızın maraqlı tərkib hissəsi kimi iynəli zarqanadlıların (Hymenoptera, Apocrita) müntəzəm və sistemli olaraq öyrənilməsi işinə başlanılmışdır. Ordubad və Culfa rayonları ərazisində müvafiq olaraq 19 növ və 39 növ və yarımnöv zarqanadlı aşkar edilmişdir. 16 növ vespoid bölgə entomofaunası üçün ilk dəfə qeyd edilmişdir.

Naxçıvan Muxtar Respublika ornitofaunasının qorunması üçün xüsusi əhəmiyyət daşıyan 7 Mühüm Ornitoloji Ərazi (MOƏ) aşkar edilmişdir. Bölgə ornitofaunası 18 dəstəyə, 51 fəsiləyə, 141 cinsə mənsub olan 241növ və 167 yarımnöv quşla təmsil olunmuşdur. Muxtar respublika və Azərbaycan faunası üçün ilk dəfə yeni, çoxsaylı taksonlar göstərilmişdir. Hazırda digər quru onurğalıları faunası ilk dəfə ətraflı tədqiq edilir. Azərbaycan faunası üçün ilk dəfə yeni növlər qeyd edilmişdir. İlk dəfə olaraq muxtar respublika faunasının xususi qorunma statusuna malik olan onurğalı heyvan növləri və onların əsas kateqoriyaları (CR, EN, VU, NT, DD) müəyyən edilir. Zəngəzur dağ silsiləsinin cənub-şərq yamaclarında bəbir ( Panthera pardus ) ailələrinin mövcudluğu yüksək keyfiyyətli fotoşəkil və video çəkilişlərlə sübut edilmişdir. Аsiya muflonu (Muflon orientalis), bezoar keçisi (Capra egagrus) populyasiyalarının və digər nadir məməli nöcvlərinin müasir vəziyyəti haqqında yeni elmi nəticələr alınmışdır. Ordubad (7 növ) və Culfa rayonları (8 növ) ərazisində yayılmış yarasalar (Chiroptera) faunası tədqiq edilmiş, onların qorunma statusları aydınlaşdırılmışdır.