Babayev İlyas Atababa oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü İlyas Atababa oğlu Babayev 1935-ci il mart ayının 23-də Quba rayonunun Xanagah kən­dində anadan olmuşdur. 1958-ci ildə Azər­baycan Dövlət Universitetinin (indi­ki BDU) Tarix fa­kül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. Hə­min ildən AEA-da arxeo­logiya elmi sa­həsində işləmişdir. 1962-1964-cü illərdə Le­nin­qrad (Sankt-Peter­burq) şəhərin­də SSRİ EA Arxeologiya İnstitutunun Lenin­qrad böl­mə­sində aspi­ranturada oxu­muş­dur.

İ.Babayev 1965-ci ildə Bakıda fəlsəfə doktoru, 1983-cü ildə Moskva­da SSRİ EA Ar­­xeologiya İnstitutunda elmlər doktoru elmi adı almaq üçün dis­ser­ta­si­­ya müdafiə etmişdir. O, 1987-ci ildən Azər­baycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın Arxe­olo­giya və Etnoqrafiya İns­ti­tu­tu­nun An­tik dövr arxeo­logiyası şöbəsinin mü­diri vəzifəsində çalışmışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

İ.Babayev Azərbaycanın müxtəlif ra­yonlarında tədqiqatlar aparan arxeoloji eks­pedisiyaların iştirakçısı, təşkilatçısı və rəh­bərlərindən olmuş­dur. 2 bey­nəl­xalq ar­xeolo­ji ekspedisiyaya, Koreya Res­pub­li­ka­sı­nın arxeoloqları ilə birlikdə Qəbələ, Al­ma­ni­ya, Gürcüstan arxeoloqları ilə Şəm­kir-Qa­ra­cə­mir­li arxe­o­loji ekspe­di­si­ya­larına rəh­bərlik etmişdir. Sonuncu ekspedi­siyaya 2014-cü ildən Belçikanın Lüvan Katolik Uni­ver­si­te­tinin alimləri də qoşulmuşlar.

İ.Babayev 260-dan çox elmi əsərin, o cüm­lədən “Qafqaz Albaniya­sının şə­hər­ləri e.ə. IV−b.e. III əsrlərində” (rus dilində) mo­no­qrafiyasının, çoxcildlik “Azərbaycan ta­ri­xi”nin 1-2-ci cildlərinin, “Azərbaycan nu­miz­ma­ti­kası” (rus dilində), çox­cild­lik “Azərbaycan ensiklopediya­sı­nın” 1-ci cildinin, “Nax­­çıvan ensiklopediyası”, ümumtəhsil mək­təblərinin 6-cı sinif­ləri üçün “Azər­bay­can tarixi” və “Qədim dünya tarixi” dərs­lik­lə­rinin müəl­lif­lərindən biri və bu dərs­liklərin rus dilinə tərcüməçisi, universitetlərin tarix fa­kültələri üçün “Azərbay­can tarixi ən qə­dim dövrdən 1871-ci ilə qədər” dərs­li­yinin müəl­liflərindən biridir. 80-dən çox elmi mə­qa­ləsi xarici ölkələr­də nəşr olunmuşdur.

İ.Babayevin əsərləri Azərbaycanda si­nifli cəmiyyət və dövlətin yaran­ması­na, cə­miy­yətin sosial quruluşuna, qədim bey­nəl­xalq iqtisadi və mədəni əlaqə­lərə, Azər­bay­ca­nın qədim şəhərlərinə, pullarına, mö­hür­lə­ri­nə həsr olunmuş­dur. O, dünyanın müx­təlif şə­hər­lərində keçirilən beynəl­xalq el­mi kon­frans­lar­da məruzələrlə iştirak etmişdir.

İ.Babayev elmi tədqiqatlarla yanaşı, 36 il respublikanın universitet­lərində müx­tə­lif tarixi fənlər üzrə mühazirələr oxumuşdur.

İ.Babayev 2005-2009-cu illər­də Brüsseldəki Beynəlxalq İNTAS təş­ki­la­tının qrantlar üzrə qiymətləndirmə eksperti ol­muşdur. 2001-2010-cu illərdə Res­pub­lika Pre­zidenti yanında Ali Attestasiya Ko­mis­si­ya­sının Tarix üzrə Ekspert Şura­sının üzvü, 2011-2012-ci illərdə həmin şuranın sədri ol­muş­dur.

İ.Babayevin rəhbərliyi ilə 12 nami­zəd­lik dissertasiyası müdafiə olun­muş­dur. 

28 dekabr 2017-ci ildə vəfat etmişdir.

(1935-2017)